Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi ilə bağlı maarifləndirici söhbətlər davam etdirilir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Şərur Rayon İcra Hakimiyyəti tərəfindən birgə təşkil olunan “Sağlam ailə, sağlam gələcək” adlı seminar da qəbildəndir. Şərur Olimpiya İdman Kompleksində keçirilən tədbirdə rayonun kəndlərində təhsil alan və yetkinlik yaşına çatan məktəblilər, valideynlər, eləcə də aidiyyəti təşkilatların nümayəndələri iştirak edib.
Nazirliyin aparat rəhbəri İlhamə Nəzərova və İcra Hakimiyyətinin əməkdaşı Kamal İsmayılov iştirakçıları salamalayaraq mövzunun əhəmiyyəti barədə danışıb, fikirlərini ifadə ediblər. Ailə dəyərlərinin yaşadılması və gənc nəsil arasında təbliği ilə bağlı görülən işlərdən danışılıb. Dövlət tərəfindən gənclərin sağlam mühitdə formalaşması, dünya görüşlərinin zənginləşdirilməsi, o cümlədən ailələrin sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlər, o cümlədən erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri, sosial və psixoloji fəsadları barədə fikirlər səsləndirilib.
Çıxışların ardınca mövzunu əhatə edən qısametrajlı film izlənilib, huquqi maarifləndirmə işi aparılıb. Həkim Nəzrin Quliyeva ailə qurmaq ərəfəsində olan gənclərin diqqət edəcəyi məsələlər barədə danışıb, evlilikdən öncə tərəflərin bütün zəruri tibbi yoxlanışlardan keçməsinin vacibliyini önə çıxarıb.
Diskussiya formatında davam edən tədbirdə iştirakçıların fikirləri dinlənilib, müzakirələr aparılıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti